Yaxın günlərdə “Texas markalı (WTI) neftin barrelinin qiyməti bir dollardan da aşağı düşdü. Neftin qiymətinin belə kəsin enişi bütün dünyada söz-söhbətə səbəb olsa da, iqtisadçılar bildirdilər ki, qiymətin enməsi birjalarda bütün neftin qiymətinin enməsi demək deyil. Yəni, Amerikanın yüngül marka neftinin may fyucerslərinin qiymətinin enməsi istehsalla, istehlak arasında yaranan disbalansın pozğunluğuna görədir. Koronavirus pandemiyası müddətində istehsal istehlakı üstələyib. Artıq neftin saxlanması problem yaratdığı üçün, ucuz qiymətə birjalarda təklif olunur.
Bir neçə gün öncə dövlət başçısı Prezident İlham Əliyev bildirdi ki, baxmayaraq ki, dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına da bu, mənfi təsir göstərir: "Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır. Bizim qəbul etdiyimiz qərarlar, atdığımız addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, - mənə minlərlə təşəkkür məktubları gəlir, - həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir".
"ABŞ neftinin qiymətinin kəskin enməsinin Azərbaycan neftinin qiymətinə təsiri olmayacaq. Onsuz da Azərbaycan öz neftini dünya bazarında maya dəyərindən bir neçə qat baha satır".
Bunu "BBC News Azərbaycanca"ya danışan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sözçüsü İbrahim Əhmədov deyib. O bildirib ki, "Azerilight" birjalarda satılan növlərdən deyil, buna görə də birbaşa qiymət əsasında satılır:
"Bu halda qabaqcadan planlaşdırma olmur, konkret qiymətlər əsasında olur. Yəni, bu gün alıcı tapılır, bu gün alınır və ya satılır. Əgər elan edilən qiymət WTI markalı neftin may ayı üçün qiyməti idisə, Azerilight neftinin qiyməti isə bu günün olur. Buna görə də biz bu günü və qarşıdakı ayları nəzərdə tutaraq planlaşdırma aparırıq", o bildirib.
İqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərliyə görə, həm karantin rejimi, həm də neftin qiymətinin düşməsi büdcəyə daxilolmalarda ciddi problemlər yaradacaq, bu isə Azərbaycan iqtisadiyyatında "əlavə gərginlik və problemlərə" səbəb olacaq:
"May ayının sonunda, post-pandemiya dövründə də neftin qiymətin bahalaşması gözlənilən deyil. Neftin qiymətinin kəskin enməsi iki səbəbdən baş verdi. Birincisi Amerikanın yüngül marka neftin may fyucerslərinin satışının son günü idi. Ona görə də fyucersləri əlində olan treyderlər tezliklə may fyucerslərini satmaqda maraqlıdırlar. Çünki may ayında dünyada karantindən çıxma ehtimalı sıfırlanır. İkincisi isə 4 milyard insan karantin vəziyyətində yaşayır. Deməli, neft istehlakı may ayı ərzində artmayacaq. May fyucerslərini satışa çıxarmaqla yanaşı, daşınma xərclərini də öz ciblərindən qoyurlar. Ona görə ki, nefti saxlamağa yer yoxdu. Dünyada neft istehsalı bu gün 100 milyon bareldisə, istehlakı isə 70 milyon barel təşkil edir. Bu, o deməkdir ki, hər gün 30 milyon barel neft toplanıb qalır. Bunu yığmağa rezervuarlar, tankerlər bəs eləmir. Güman olunur ki, bu enmələr dalğa-dalğa davam edəcək. Çünki bu həftə neftin istehlakında yenidən 10 milyon düşmə ehtimalı var. Yəni 100 milyon barel neftin 40 milyonu istehlak olunmayacaq. Dünyada neftin saxlanılması hazırda problemə çevrilib”.
Azərbaycan gündəlik xam neft hasilatını 164 min barrel azaldacaq. OPEC üzvü və qeyri-üzv dövlətləri neft hasilatını azaltmağa razılaşmalı olduğunu Energetika Nazirliyi bildirmişdi. Energetika naziri Pərviz Şahbazova görə, dünyada neftin qiymətinin tənzimlənməsi üçün "qlobal əməkdaşlıq şəraitinə" ehtiyac var.
Enerji məsələləri üzrə təhlilçi İlham Şaban deyir ki, bu azalma ilə Azərbaycan bir sıra hasilat istismar quyularını bağlamaq məcburiyyətində qalacaq, çünki üzərinə düşən öhdəlik həcmləri kifayət qədər böyükdür:
Neft hasilatının aşağı salınması ilə neft gəlirlərinin də azalacağını, amma daha çox dünya bazarında neftin bir barelinin qiymətindən asılı olacaq. OPEC bu cür radikal addım atmaqla, yəni, 10 milyon barrel nefti bazardan yığışdırmaqla neftin gələcək qiymətinin azalması və onun artımına nail olmağı hədəfləyir".
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 9-cu iclasında əldə edilən razılığa görə, Azərbaycan mayın 1-dən gündəlik xam neft hasilatını 164 min barrel azaldacaq. Azərbaycan neft hasilatını 2022-ci ilin aprelinə qədər müxtəlif həcmlərdə azaltmaq öhdəliyi götürüb. İbrahim Əhmədov deyib ki, bu razılaşmadan irəli gələn tədbirlərin həyata keçirilməsi konkret şirkətlərin səlahiyyətində deyil və buna hökumət orqanları nəzarət edir. Həmçinin əlavə edib ki, hökumət neft hasilatının hansısa həcmdə və ya nisbətdə məhdudlaşdırılması barədə qərar verərsə, şirkətlər də ona uyğun tədbirlər həyata keçirəcək".